Hifz duaları (#4741)

Təriflər olsun Sənə, Ya Rəbb, mənim Allahım! Sən görürsən və bilirsən, mən Sənin bəndələrini dəvət etdim ki, Sənin bəxşişlərindən başqa heç bir tərəfə üz tutmasınlar və onlara əmr etdim ki, Sənin dərkolunmaz hökmünə və qəti məqsədinə uyğun olaraq nazil olmuş aydın Kitabında yazdıqlarından başqa bir şeyə riayət etməsinlər.

Ey mənim Allahım, Sənin iznin olmasa, bircə söz söyləyə bilməz, icazən olmasa, tək bir addım ata bilmərəm. Sən O Kəssən ki, Ey mənim Allahım, qüdrətinin gücü ilə mənə həyat vermisən və fəzlinlə inayət etmisən ki, Əmrini zahir edim. O üzdən elə bəlalara düçar olmuşam ki, dilim Səni tərif etmək və şərəfini ucaltmaqdan dayandırılıb.

Ey mənim Allahım, Öz hökmünlə və hökmranlığının gücü ilə mənə qismət etdiklərin üçün, bütün təriflər Sənə olsun. Yalvarıram Sənə, məni və məni sevənləri məhəbbətində möhkəmləndir və bizi Sənin Əmrində dönməz saxla. Sənin qüdrətinə and içirəm! Ey mənim Allahım! Sənin bəndənin xəcilliyi Səndən pərdələnməsindədir, izzəti isə Səni tanımaqdadır. Sənin adının qüvvəsi ilə silahlanmışkən, heç nə əsla mənə ziyan vura bilməz və ürəyimdə Sənin məhəbbətin varkən, bütün dünyanın bəlaları heç vəchlə məni qorxuda bilməz.

Ona görə də, Ey mənim Allahım, mənə və mənim sevimlilərimə o şeyləri nazil eylə ki, bizi Sənin həqiqətini inkar edənlərin və Sənin əlamətlərinə inanmayanların şərindən qorusun.

Sənsən, həqiqətən, Ən Cəlallı, Ən Kəramətli.

-Bahá'u'lláh
-----------------------

Hifz duaları (#4742)

Alqış Sənə, Ya Rəbb, mənim Allahım! Bu Sənin bəndəndir ki, Sənin fəzlinin əllərindən mərhəmət şərabını içdi və Sənin günlərində Sənin məhəbbətinin dadını bildi. Səni and verirəm, Sənin adlarının mücəssəmələrinə, o kəslər ki, Sənin sevgində sevinclərinə və nəzərlərini Sənin üzünə dikmələrinə kədər mane ola bilməz və o kəslər ki, qafillərin qoşunları Sənin razılıq yolundan onları döndərməkdə acizdir - ona Sənin malik olduğun xeyirləri nəsib eylə və onu elə zirvələrə qaldır ki, bu dünyaya o, bir göz qırpımından da tez yox olan bir kölgə kimi baxsın.

Daha sonra, Ey mənim Allahım, sonsuz əzəmətinin gücü ilə onu Sənin bəyənmədiyin bütün şeylərdən hifz eylə. Sən, həqiqətən, onun Rəbbi və bütün aləmlərin Rəbbisən.

-Bahá'u'lláh
-----------------------

Hifz duaları (#4743)

Ucalsın Sənin Adın, Ya Rəbb, mənim Allahım! Səni and verirəm O Adına ki, onunla Məşhər gəldi, Qiyamət qopdu, göydə və yerdə olanları qorxu və dəhşət bürüdü – Sənin mərhəmət səmandan və şəfqət buludlarından Sənə üz tutan və Əmrinə kömək edən bəndələrinin könüllərini sevindirən şeyləri nazil eylə.

Öz bəndələrini və kənizlərini, İlahi, şəkk-şübhə oxlarından hifz eylə və onlara fəzl əllərinlə həzin axan irfan suları içir.

Sən, həqiqətən, Qüdrətli, Ən Uca, Həmişə Bağışlayan, Ən Səxavətlisən.

-Bahá'u'lláh
-----------------------

Hifz duaları (#4744)

Ey Allah, mənim Allahım! Mən öz evimdən Sənin məhəbbət ipindən tutaraq çıxdım və özümü tamamilə Sənin hifz və himayənə tapşırdım. Səni and verirəm o qüvvətinə ki, onunla Sən sevimlilərini hər azğın və sapqından, itaətsiz zalımdan və Səndən uzaqlaşmış hər bir şər adamdan qorudun - Öz kərəm və fəzlinlə məni mühafizə eylə. Sonra qadir eylə ki, qüvvət və qüdrətinlə evimə dönüm. Sən, həqiqətən, Qüdrətli, Əzəmətli və Qəyyumsan.

-Bahá'u'lláh
-----------------------

Hifz duaları (#4745)

Onun Adı ilə, Ən Uca, Ən Ali, Ən Əzəmətli! Şanlısan Sən, Ya Rəbb, mənim Allahım! Sən Ey mənim Allahım, mənim Mövlam, mənim Rəbbim, mənim Dayağım, mənim Ümidim, mənim Pənahım, mənim İşığım. Rica edirəm Səndən, Sənin O Pünhan və Gizli Adınla ki, Özündən savayı heç kəs bilməz - bu Lövhü daşıyanı bütün bəla və bədbəxtliklərdən, hər bir pis niyyətli kişi və qadından, bədxahların şərindən və imansızların məkrindən hifz elə. Daha sonra, Ey mənim Allahım, hər bir iztirab və peşmançılıqdan onu qoru, Sən Ey bütün şeylərin səltənətini əlində Saxlayan Allah. Sən, həqiqətən, hər şeyin üzərində Hakimsən. Sən istədiyini edir və istədiyinə hökm verirsən.

Sən Ey Sultanlar Sultanı! Sən Ey mehriban Rəbb! Sən Ey əzəli bəxşiş, səxavət, fəzl və nemətin Mənbəyi! Sən Ey xəstəliklərə Şəfaverən! Sən Ey ehtiyaclara Kifayətedən! Sən Ey Nurların Nuru! Sən Ey işıqların fövqündəki İşıq! Sən Ey hər bir Zühuru Aşkar Edən! Sən Ey Şəfqətli! Sən Ey Mərhəmətli! Özünün ən böyük rəhminlə və bol fəzlinlə bu Lövhü daşıyana rəhm eylə, Sən Ey Fəzl Sahibi, Sən Ey Kəramətli. Sonra onu, Öz hifzinlə, onun könlünün və ağlının bəyənmədiyi hər şeydən qoru. Qüdrət sahiblərindən, Sən, həqiqətən Ən Qüdrətlisən. Allahın cəlalı Sənin üstünə olsun, Sən Ey qalxan günəş! Sən ona şəhadət verirsən ki, Allah Özü Özünə şəhadət verib - Ondan başqa Allah yoxdur, Qüdrətli, Sevgili Məhbub.

-Bahá'u'lláh
-----------------------

Hifz duaları (#4746)

Ey mənim Rəbbim, mənə və Sənə inananlara, Ana Kitabda müəyyən olunduğu kimi, Sənin nəzərində bizim üçün xeyirli olanları qismət eylə, çünki bütün şeylərin ölçüsünü Sən Öz ovcunda tutursan.

Sənin gözəl nemətlərin daim Səni sevənlərə nazil olub, Sənin səmavi bəxşişlərinin ecazkar nişanələri Sənin birliyini tanıyanlara bolluqla əta edilib. Bizə verdiyin tale qismətimizi Sənə əmanət edirik və Sənə yalvarırıq ki, bizə Sənin elminin əhatə etdiyi bütün xeyirləri nəsib edəsən.

Ey mənim Rəbbim, Sənin xəbərdar olduğun bütün bəlalardan məni hifz eylə, çünki qüvvət və qüdrət ancaq Səndədir, zəfər yalnız Sənin hüzurundan gəlir və hökm etmək yalnız Sənə məxsusdur. Allah nəyi iradə etmişdi, olub, nəyi iradə etməyib, olmayacaq.

Qüvvət və qüdrət yalnız Allaha məxsusdur, Uca və Ulu Allaha.

-The Báb
-----------------------

Hifz duaları (#4747)

Alqış Sənə, Ey Allah! Sən O Allahsan ki, hər şeydən öncə var olmuş, sonra da var olacaq, varlığı hər şeyin fövqündə daim qalacaq. Sən O Allahsan ki, hər şeyi bilir və hər şeydən yüksəkdir. Sən O Allahsan ki, hər şeyə mərhəmətlə yanaşır, hər şeyi mühakimə edir və Onun baxışı hər şeyi əhatə edir. Sənsən mənim Rəbbim Allah, Sən mənim halımı bilirsən, batini və zahiri varlığıma şahidsən.

Məni və Çağırışına cavab verənləri bağışla. Mənə ziyan vurmaq istəyən və ya mənə dərd-bəla istəyənlərin şərindən qoruyan yetərli Yardımçı ol. Həqiqətən, Sən bütün yaradılmışların Rəbbisən. Sən hamıya yetirsən, amma heç kim Sənsiz özünə yetməz.

-The Báb
-----------------------

Hifz duaları (#4748)

Ulular Ulusu, Qalibiyyətli Allahın Adı ilə! Hökmranlıq mənbəyi əlində olan Rəbb Ulu və Müqəddəsdir! O istədiyini Özünün "Ol" Fərmanı ilə yaradır və o olur. Bundan əvvəl hökm ixtiyarı Onun idi və bundan sonra da Onun olacaq. Öz əmrinin qüdrəti ilə kimi istəsə, O qalib edir. Odur həqiqətdə, Qüdrətli, Qüvvətli. Zühur və Xilqət və onların arasında olanların səltənətlərində bütün cəlal və əzəmət Ona məxsusdur. Həqiqətən, O Qadirdir, ən Cəlallıdır, əzəldən O, dəfedilməz güc Mənbəyi olmuş və əbədiyyətədək də belə qalacaqdır. O, doğrudan qüdrət və qüvvət Rəbbidir. Göyün və yerin bütün səltənətləri və onların arasında olan hər şey Allahındır və Onun qüdrəti hər şeydən üstündür. Yerin və göyün bütün xəzinələri və onların arasında olan hər şey Onundur və hər şey Onun mühafizəsi altındadır. Odur yaradan göyləri və yeri və onların arasındakı hər şeyi və O, həqiqətən, hər şeyə şahiddir. Göyün və yerin sakinləri və onların arasında olanlar üçün Haqq-hesab gününün Sahibi Odur və həqiqətən haqq-hesab çəkməkdə Allah cəlddir. Göydə və yerdə və onların arasında olanlar üçün ölçünü O müəyyən edir. Həqiqətən O Ali Hifz Edəndir. Göyün və yerin və onların arasında olan hər şeyin açarlarını O öz ovcunda tutur. Hökmünün gücü ilə, Öz istəyilə O, bəxşişlər əta edir. Onun fəzli, həqiqətən, hamını bürüyür və Odur hər şeyi Bilən.

Söylə: Allah mənə yetər! Bütün şeylərin səltənətini ovcunda tutan Odur. Göydə və yerdə və onların arasında olanların qoşunlarının gücü ilə O, istədiyi kəsi hifz edir. Allahın gözü, həqiqətən, hər şeyin üzərindədir.

Nəhayətsiz ucasan Sən, Ya Rəbb! Qarşımızda və arxamızda, başımızın üstündə, sağımızda və solumuzda, ayağımızın altında və mühafizəsiz qalmış hər yerimizdə olanlardan bizi hifz eylə. Həqiqətən, hər şeyin mütləq qoruyucusu Sənsən. 

*1(Bu duanın əsli Həzrət Babın Öz əli ilə beş guşəli ulduz şəklində yazılmışdır)

-The Báb
-----------------------

Hifz duaları (#4749)

Ey Allah, mənim Allahım! Nəfs və ehtirasın şərinə qarşı Öz mömin bəndələrinə sipər ol, Sənin inayətinin ayıq gözlərilə bütün kin, nifrət və həsəddən onları mühafizə eylə, Sənin qayğının alınmaz qalasında onlara sığınacaq ver, şübhə oxlarından onları qoru, onları Sənin şanlı əlamətlərinin məzhərləri eylə, Sənin ilahi birlik Günəşinin parlaq şüaları ilə onların çöhrəsini nurlandır, Sənin müqəddəs mələkutundan nazil olan ayələrlə onların könüllərini sevindir, Sənin şərəf səmandan gələn hər şeyi hərəkətə gətirən qüvvətinlə onların qurşaqlarını bərkit. Sən ən Kəramətli, Hifzedən, Qüdrətli, Fəzl Sahibisən.

-`Abdu'l-Bahá
-----------------------

Hifz duaları (#4750)

Ey mənim Rəbbim! Sən bilirsən ki, insanlar dərd-bəla və fəlakətlərlə əhatə olunub, iztirab və çətinlik içindədirlər. Hər cür sınaq insana hücum edir və cürbəcür şiddətli bəlalar əjdaha kimi onun üstünə gəlir. Onun üçün Sənin himayədar, hifzedici, qoruyucu və qayğı qanadının altından başqa bir sığınacaq və pənah yoxdur.

Sən Ey Mərhəmətli Allah! Ey mənim Rəbbim! Sənin mühafizəni mənim zirehim eylə, hifzini mənim qalxanım, təvazökarlığı Sənin təklik qapın önündə keşikçim, Sənin qayğı və müdafiəni mənim qalam və məkanım eylə. Nəfs və ehtirasımın hiyləsindən məni qoru, hər cür xəstəlik, sınaq, çətinlik və ağır imtahandan məni hifz eylə.

Həqiqətən, Sən Himayədar, Hifzedən, Qoruyan, Kifayətedənsən və həqiqətən, Sən rəhmlilərin Rəhmlisisən.

-`Abdu'l-Bahá
-----------------------

Hifz duaları (#4751)

Ey mehriban və sevgili Allah! Şərq həyəcandadır, qərb isə dənizin daimi dalğaları kimi təlatümdədir. Müqəddəsliyin nəvazişli nəsimləri yayılır və Qeyb Səltənətindən Həqiqət Günəşinin şüaları parlaq şəfəq saçır. İlahi birlik himni oxunur və səmavi qüdrət bayraqları dalğalanır. Mələk Nidası ucalıb və nəhəng nərəsi kimi, fədakarlıq və faniliyə çağırır. Qalibiyyətli "Sən ey Nurluların Nurlusu" sədası hər tərəfdən ucalır və "Ya Əli-ül-Əla"1(Sən Ey Ulular Ulusu) çağırışı bütün diyarlarda səslənir. Və dünyada nə yeganə Dilbərin Cəlalından doğan iğtişaşdan başqa bir həyəcan, nə də Onun, misilsiz Məhbubun məhəbbətinin çoşqunluğundan doğan özgə bir təlatüm var.

Allahın sevimliləri hər bir məmləkətdə müşk ətirli nəfəslərilə parlaq çıraq kimi yanırlar və Mərhəmətlinin dostlarına, açılmış güllər kimi, bütün diyarlarda rast gəlmək olar. Onlar bir an belə dincəlmirlər; Sənin zikrin olmadan nəfəs belə çəkmirlər və Sənin əmrinə xidmətdən başqa bir arzuları yoxdur. Həqiqət çəmənzarında onlar şirin-şirin ötən bülbül və hidayət gülşənində al-əlvan çiçəkdirlər. Onlar Həqiqət Bağının cığırlarını məna çiçəklərilə bəzəyirlər; yellənən sərv ağacları kimi ilahi iradə arxının kənarlarına düzülüblər. Parlaq ulduzlar kimi xilqət üfüqündən şölə saçırlar; işıqlı səyyarələr tək bu dünyanın səmasında işıq verirlər. Onlar İlahi fəzl məzhərləri və İlahi yardım işığının məşriqidirlər.

Ey Mehriban Allah! İnayət eylə, qoy onların hamısı möhkəm və səbatlı olsunlar, daimi parlaqlıqla elə işıq saçsınlar ki, hər nəfəs çəkərkən xəfif nəsimlər əssin Sənin inayət çardağından, şeh düşsün Sənin fəzl dəryandan, Sənin məhəbbətinin bol yağmurları təravət bəxş etsin və həzin meh öz ətrini İlahi birlik Gülşənindən əsdirsin.

Ey Aləmin Məqsudu, Öz şəfəqindən bir şüa sal. Ey bəşərin Sevgilisi, bizim üzərimizə Üzünün nurunu saç.

Ey Qadir Allah! Bizə sipər ol və pənahımız ol, Ey varlığın Rəbbi, qüdrət və hökmranlığını zahir eylə.

Ey Mehriban Allah, nifaq təhrikçiləri bəzi diyarlarda meydan sulayır, gecə və gündüz ağır ziyanlar vururlar.

Zalımlar canavar kimi, pusquda durublar, məzlum və məsum qoyunların isə nə köməyi var, nə də himayəsi. Köpəklər, İlahi birlik düzünün ceyranını qovurlar, quzğunlar isə İlahi hidayət dağının kəkliklərini təqib edirlər.

Sən Ey İlahi Təqdir Sahibi, bizi saxla və hifz eylə! Sən Ey bizim Qalxanımız, bizi qoru və bizi müdafiə eylə! Öz pənahında saxla və Öz köməyinlə bizi bütün xəstəliklərdən qoru. Doğrudan da, Sənsən Həqiqi Mühafiz, Görünməz Himayəçi, Səmavi Xilaskar və Göylərin Mehriban Rəbbi.

-`Abdu'l-Bahá
-----------------------

